Xəbər lenti

Ruh düşkünlüyü – Tarixin xərçəng hüceyrəsi
Siyasət 12:05 19.09.2022

Ruh düşkünlüyü – Tarixin xərçəng hüceyrəsi

Aqşin Yenisey
 
Kissincer "Dünya düzəni” kitabında yazır ki, müasir Avropanın təməli "Otuz illik müharibə"nin (1618-1648) sonunda imzalanan Vestfaliya müqavilələri ilə qoyulub. (Ərazi bütövlüyünə hörmət, dini seçim azadlığı və s.) Bu müqavilələrin ideyası "müharibəsiz Avropa” yaratmaq istəyi olsa da, belə bir Avropa uzun müddət qitə tarixinin xam xəyalı olaraq qaldı.   

Vestfaliya müqavilələrinin imzalanması təxminən iki il vaxt aldı və bir-birindən təxminən qırx kilometr məsafədə yerləşən iki balaca şəhərdə yerləşən düşmən tərəflərin, katolik və protestant güclərin diplomatik heyət sayı o qədər çox idi ki, qalmağa yer tapılmırdı, kim harda gəldi yıxılıb yatırdı. Hətta İsveçrə təmsilçisi danışıqlar boyunca bir yunəyirmə sexində sosiska və balıq yağı qablarının arasında gecələməli olmuşdu.

Bu tarixi hadisə sübutdur ki, sülhə gəlmək müharibə etməkdən daha asan məsələ deyil. Münaqişə tərəfləri üçün uşaqlıqdan dərs aldıqları tarixi qəhrəmanlıqlarla dolu səlnamələri, dastanları bir anda unutmaq, qəhrəmandan antiqəhrəmana doğru düşüncə köçü etmək heç də rahat və ucuz başa gəlmir.    

Çünki qəhrəmanlıq arxetipik məsələdir ki, hər bir xalq özünün tarixdəki mövcudluğuna görə özünün qəhrəman arxetiplərinə borcludur.
Yunqun arxetip anlayışını bir az bədiiləşdirsək, belə deyə bilərik ki, hər bir yeni doğulan körpənin varlığında sakinləri arxetiplər olan qədim bir cəmiyyət doğulur. Körpə böyüdükcə ətraf mühitin köməkliyi ilə o arxetiplərdən birini seçib öz bədənində canlandıracaq. Bəlkə də, ruh dediyimiz gizli kimliyimiz də elə budur: arxetipimiz. 

Hər birimiz bir arxetipin bədəniyik.   

Yüz iyirmi il bundan əvvəl ilk dəfə Yunq dedi ki, insanın gerçəkliyini yaradan fərdi şüuraltıdan gələn duyğular, əmrlər deyil, daha dərindən, kollektiv şüuraltıdan gələn qədim atanın oyanışıdır. Yunq bu "ataya” arxetip deyir. 

"Hər birimizin həyatının böyük bir hissəsi alt şüurda keçir”, – deyir Yunq. Yəni insan varlıq olaraq "Underground”dur. Nitsşe bizi çox mazata mindirir "Übermensch” ("üstinsan”) adlandırmaqla. 

Biz öz arxetipimizi tanıyaraq, üzə çıxararaq özümüzü yarada, qüsurlarmızı aradan qaldıra, yaxud onları xarakterimizə çevirə bilərik. Yunqun psixiatrik təlimi bunun üzərində qurulub. Əksər hallarda isə arxetipimiz gündəlik həyatda şüursuz olaraq üzə çıxır və bizim xarakerimizi müəyyən edir. Bizdən ya qəhrəman düzəldir, ya qorxaq.

Hələ qədim zamanlarda oğlan uşaqları kişilik mərhələsinə qədəm qoyanda onlarda qəhrəman arxetipinin olub-olmamasını üzə çıxarmaq üçün imtahanlar keçirilirdi. Yeniyetmə gənclər ağır fiziki və psixoloji əngəllərin öhdəsindən gəlməliydilər. İndiki "Xüsusi Təyinatlılar”ın təlimləri kimi. Kim bu sınaqlardan uğurla keçirdisə, onlar kişi məclisinə buraxılırdı, kim keçə bilmirdisə, göndərilirdi yeməkxanaya kartof soymağa. Oğuzların dastanı "Kitabi Dədə Qordud”da da qəhrəman bu cür imtahan yolu ilə seçilir. Adını fiziki gücündən alır.   

Antik dünyada qəhrəmanlıq kultu bir peşə, bir xidmət sahəsi idi. Qəhrəman mütləq öz əjdahasını axtarmalı, tapmalı və əzişdirməliydi (Yunq). Əjdahasız qəhrəman fısdırınkə gədə hesab olunurdu. Bu gün isə insan məcbur qalmadıqca özünün bir qəhrəman olduğunu bilmir, o, adi vəziyyətlərdə daha çox antiqəhrəman kimi yaşamağa üstünlük verir, xüsusilə sülh dövründə. Dostoyevski buna görə müharibəni sülhdən uca tuturdu. Bu gün yalnız həyati, tarixi zərurət yarandıqda xalqlar özlərinin qəhrəman arxetiplərinə üz tuturlar. Salman Rüşdi yazır ki, Hindistan ehtiyacı olan tarixi qəhrəman sarıdan o qədər kasıb bir ölkədir ki, hind rejissorları bu tarixi boşluğu öz filmlərindəki yoxsul ailələrdən çıxmış fantastik qəhrəmanlarla doldurmağa məhkumdurlar. (Antik və Ortaçağ dünyasında tarixi qəhrəmanlar varlı ailələrdən çıxırdı.) 1806-cı ildən 1947-ci ilə kimi ingilis əsarətində yaşayan hind xalqının öz şüuraltısında kameranın gözü ilə qəhrəman arxetipi axtarması anlaşılandır. 

Yaxud "Amerikanın yuxusu” adlandırılan Hollivud mifoloji, tarixi qəhrəmanlar sarıdan yoxsul olduğu üçün bu ölkənin "fast food” mədəniyyətini modern, texnoloji qəhrəman arxetipləri ilə dolduran nəhəng bir zavod kimi işləyir.    

İki il əvvəl 44 günlük ədalətli Vətən müharibəsi zamanı Azərbaycan xalqının içindən gözlənilmədən o qədim qəhrəman arxetipi üzə çıxdı. Tarixin ən həlledici məqamlarında Xızır kimi özünü yetirən, bizi ölüm-qalım anında tək qoymayan o ölməz milli enerji! Öz külündən yaranan Zümrüd quşu bir daha sübut etdi ki, həmişə oddan kül törəmir, lazım gələndə küldən də od törəyə bilir. Yeri gəlmişkən, Xızır da türk xalqlarının xilaskar arxetipidir. Sən oğluna başqa xalqların sırıdığı arxetipləri deyil, Xızırı tanıt, qalanı ilə işin yoxdur. 

Qəhrəmanlıq barədə hələ ki, bu qədər. 

Yazının mətləbinə yönəlməyin vaxtıdır. İki il əvvəl Vətən müharibəsindən sonra sosial şəbəkələrdə ard-arda ordu haqqında neqativ xəbərlərin bir ucdan tirajlanmasının gerçəklik və bir təsadüf olmadığını çoxları bilir. Bu cür neqativ məlumatların yayılması həqiqi müharibədə qazanılan qələbənin psixoloji qisasıdır. Hitlerin hərbi ideoloqları bu cür neqativ xəbərləri İkinci Dünya müharibəsində iki il yarım mühasirədə qalsa da, təslim olmayan Leninqrada təyyarə ilə səpirdilər. 

Xalqda ruh düşkünlüyünün xronikiləşməsi hətta onun tarix səhnəsindən yox olmasına gətirib çıxara bilər. Məsələn, Məhəmməd peyğəmbər dünyasını dəyişəndə ərəb xalqı belə bir ruh düşkünlüyünə uğradığı üçün yenidən qəbilərlərə, tayfalara bölünüb evlərinə dağılışmaq həddinə gəlib çıxmışdı. Bunu görən Xəlifə Əbu Bəkir ərəblərə: "Siz əgər Məhəmmədə tapınırdınızsa, bilin ki, o, vəfat etdi, yox, əgər siz Allaha inanırdınızsa, bilin ki, o, əbədidir, qadiri-mütləqdir!” – deyə müraciət edərək yenidən bu xalqı tarix səhnəsinə qaytara bildi. Və ruh düşkünlüyünü yenən ərəblər Məhəmmədin ölümündən sonrakı yüz il ərzində Hindistandan Atlantik okeanına qədər uzanan ərazilərdə öz imperiyalarını yaratdılar.    

İşğal siyasətinin ideoloji maraqlarından biri işğala məruz qalan xalqın qəhrəmanlıq kultunu yox etməkdir. Bu kultu yox etməyin yolu həmin xalqın "spartan” (spartalıların sınaqlarla dolu döyüşçü həyatını ifadə edən kəlmə) həyatını "mədəniləşdirməkdir”. İngilis müstəmləkəçiləri bu siyasətə hətta "xalqların əhliləşdirilməsi” deyirdilər. Bundan ötrü işğalçı elita işğala məruz qalan xalqda belə bir fikir formalaşdırır ki, döyüşkənlik gerizəkalılıq və vəhşilikdir, biz sizə bunun əvəzində mədəniyyət gətirmişik. Bu "mədəniyyəti” isə müstəmləkə xalqına həmin xalqın içindən seçdikləri qondarma ziyalılar, şöhrətləndirdikləri elm və sənət adamlarının komfort güzaran qarşılığında boyun olduqları muzdurluq sayəsində yeridirlər. Makedoniyalı İsgəndər buna görə işğal etdiyi hər bir ölkəyə ellinist mədəniyyət aparırdı. İngilislər Hindistanı işğal etməyə "Tac Mahal”ı təmir etməklə başlamışdılar. Napoleonun Misirə təyin etdiyi məmurlar elm və sənət adamları idi. Ruslar soxulduqları hər yerə bir "Rus Əhməd” pay verirdilər və s. Necə ki, bu gün ABŞ haraya göz dikirsə, əvvəlcə oraya demokratiya şitili basdırır.

"Mədəniləşməsinlər” deyə qədim Spartada oğlan uşaqlarına arfa çalmaq qadağan idi. Etiraf edək ki, son illər ölkəmizi bürüyən müğənnilik, manıslıq epidemiyası bir çoxumuzda ruh düşkünlüyü yaratmışdı. Çünki biz bütün torpaqlarımızı "mədəniləşə-mədəniləşə” itirmişik. Hətta bu gün də "mədəni dünya” müharibə yoluyla işğal olunan torpaqlarımızı son anda müharibə yoluyla qaytarmaq istəyimizi də "mədəniyyətsizlik”, "vəhşilik” kimi qələmə verir. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistana gələn spikeri Nensi Pelosinin 18 sentyabrda İrəvanda çıxışı zamanı azərbaycanlılara qarşı "Xocalı soyqırımı” törətmiş, otuz il Azərbaycanın suveren ərazilərini işğal altında saxlayıb xarabaya çevirmiş ermənilərin qarşısında azərbaycanlıların Vətən müharibəsini "vandallıq” adlandırması da ABŞ imperializmin "mədəniləşdirmək siyasətinin” əllə deyil, dillə açdığı atəşdir. 

Özünü müasir mədəniyyətin beşiyi hesab edən Fransanın irqçi filosofu Qustav le Bonn "Xalqların xarakteri” əsərində yazır ki, hər bir xalqın tarixi o xalqın ağlının deyil, emosiyalarının məhsuldur. İmperializmin "mədəniləşdirmək” siyasətinin məqsədi müstəmləkə xalqını milli emosiyalarından utandırmaqdır. Bununla da onun tarixi şüurunu yox etməkdir. Utanan fərdin oğlu olmadığı kimi, utanan xalqın da qəhrəmanı, tarixi olmur. 

Hələ 2500 il əvvəl Çin generalı Sun Tzı yazdığı məşhur "Müharibə sənəti” kitabında düşməni psixoloji cəhətdən zəiflədib məhv etmək üçün çinli casuslara aşağıdakıları vəsiyyət edirdi:

1. Düşmən ölkələrdə yaxşı olanı hər şeyi gözdən salın.

2. Düşmən ölkələrin hökmdarlarının uğurlarını alçaldaraq nüfuzlarına kölgə salın. Vaxtı gələndə isə öz xalqının ona xor baxmasını üçün planlar qurun.

3.  Alçaq və şərəfsiz insanların satqınlığından faydalanın.

4. Düşmən xalqın insanları arasındakı ziddiyyətləri və qarşıdurmaları şiddətləndirin.

5. Düşməninizin tarixi ənənələrini gülüş obyektinə çevirin.

Xatırladım ki, çinli general bu psixoloji strategiyanı 2500 il əvvəlki türk dövlətlərinə qarşı düşünmüşdü.

Sözsüz ki, heç bir ölkədə casuslar əllərini, qollarını sallayaraq bu işləri görə bilməz. Onlara, əlbəttə ki, Sun Tzının sözləri ilə desək, daxildəki "alçaq və şərəfsiz satqınlar” kömək edir. O adamlar ki, onların arxetipi Beyrək yox, Yalıncıqdır. Heç bir xalq da bu cür şərəfsizlərdən sığortalanmayıb. Bu cür muzdurların öhdəliyi fikir bulanıqlığı yaradıb insanları üz-üzə qoymaqdır. "Kitabi Dədə Qorqud”dakı gizli, adsız casus obrazını xatırlayın, məncə, o naməlum adam çinli casusun Oğuzların arasında yaşayan arxetipidir.   
Sual yarana bilər ki, sağlam tənqidi casus propaqandasından necə seçmək olar? Çox sadə, sağlam tənqidin ruhunda şəxsiləşdirilimiş psixoloji qisas elementləri olmur.     

Tarixdən gətirdiyimiz bu misallara bir də təbiətdən bir nümunə göstərək: Murana balıqları ən çox öz növlərini yeyirlər. Səbəb kor olmalarıdır. Kor olduqları üçün bir-birilərini yediklərindən xəbərsiz olurlar. Bir-birilərinin ətini yeyən eyni millətin övladları da kordular. Psixoloji şifrə təkcə tarixdə deyil, təbiətdə də gizlənib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->