Xəbər lenti

HƏMAS niyə girovları buraxıb əməliyyatların dayanmasını istəmir? (ŞƏRH)
Ölkə 12:54 10.04.2025

HƏMAS niyə girovları buraxıb əməliyyatların dayanmasını istəmir? (ŞƏRH)

"Belə vəziyyətlərdə humanitar böhranlar dərinləşdikcə, HƏMAS kimi asimmetrik qüvvələrin dirəniş potensialı daha da artır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov HƏMAS-ın İsrailin bütün girovları azad edib atəşkəsə nail olmaq istəməməsi məsələsini şərh edərkən deyib.

Ekspert qeyd edir ki, Qəzzada baş verən son hadisələr əslində təkcə lokal bir toqquşmanın nəticəsi deyil, bu, uzun illərdən bəri davam edən və dərin tarixi, siyasi və ideoloji kökləri olan bir prosesin tərkib hissəsidir:

"HƏMAS-ın hərbi cəhətdən zəiflədilməsi və ya tam məğlub edilməsi ehtimal edilsə belə, bu prosesin sona çatacağına və Fələstin-İsrail münaqişəsinin bununla yekunlaşacağına inanmaq, təbii ki, sadəlövhlük olardı. Çünki artıq onilliklərdir ki, həm Fələstin tərəfi, həm də İsrail ictimaiyyəti arasında qarşılıqlı etimadsızlıq, dərin psixoloji və ideoloji qarşıdurma formalaşıb. Son döyüşlərin yaratdığı ağır humanitar vəziyyət, xüsusilə Qəzza zolağında mülki əhalinin kütləvi şəkildə məcburi yerdəyişməsi, infrastrukturun dağıdılması və böyük itkilər problemi daha da dərinləşdirib".

Belə bir şəraitdə, ekspertə görə, yalnız hərbi yolla məsələnin tam şəkildə həll olunacağını düşünmək, reallıqdan uzaq yanaşmadır:

"Digər tərəfdən, asimmetrik aktorların, bu halda HƏMAS-ın, tam hərbi məğlubiyyətə uğradılması məsələsi tarix boyu nadir hallarda baş verib. Bu tip aktorların aradan qaldırılması yalnız bir halda mümkündür: onların fəaliyyət göstərdiyi məkan, bu halda Qəzza, tam şəkildə dağıdılmalı, sosial, siyasi və fiziki infrastruktur yerlə yeksan edilməlidir. Lakin bu da özü-özlüyündə başqa bir humanitar fəlakət və beynəlxalq hüquqla bağlı ciddi suallar doğurur".
 


Konfliktoloqun fikrincə, 2006-cı ildə İsrailin Livanda "Hizbullahla apardığı müharibə, 2014-cü ildə HƏMAS-la yaşanan qarşıdurma və nəhayət son hərbi əməliyyatlar göstərir ki, belə vəziyyətlərdə humanitar böhranlar dərinləşdikcə, asimmetrik qüvvələrin dirəniş potensialı daha da artır:

"Bu qüvvələr tamamilə məhv edilə bilmədikləri halda, onların legitimlik qazanması və sosial dəstək almaları daha da güclənir. Bu mənzərə fonunda İsrail müdafiə nazirinin "HƏMAS tamamilə məhv ediləcək” yönlü bəyanatlarını da yalnız hərbi strategiya çərçivəsində deyil, həmçinin daxili siyasi auditoriyaya hesablanmış psixoloji və siyasi təzyiq vasitəsi kimi qiymətləndirmək olar. Belə bəyanatlar eyni zamanda beynəlxalq danışıqlarda rıçaq kimi istifadə oluna bilər. Lakin ən böyük ehtimalla, bu cür sərt ritorika ölkə daxilində cəmiyyətin və siyasi müxalifətin narazılıqlarını azaltmaq, hökumətin qərarlarını legitimləşdirmək məqsədi daşıyır".

Həmsöhbətimiz düşünür ki, bölgədə sülhün bərqərar olması yalnız bir tərəfin hərbi üstünlüyü ilə deyil, həm də siyasi iradə, beynəlxalq hüquqa hörmət və qarşılıqlı tanınma prinsipləri əsasında aparılacaq uzunmüddətli danışıqlarla mümkündür. Əks halda, konfliktoloq deyir ki, münaqişənin yeni mərhələlərə keçəcəyi və daha dərin humanitar böhranların yaşanacağı istisna deyil”. 

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz HƏMAS girovları azad edincəyə qədər İsrail ordusunun Qəzza zolağında əməliyyatları genişləndirəcəyini bəyan edib. 

"Əgər HƏMAS girovları tezliklə azad etməsə, ordumuz bütün Qəzza zolağında əməliyyata başlayacaq və HƏMAS məğlub olana və bütün girovlar azad edilənə qədər mübarizəni davam etdirəcək”, deyə Katz bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->