Xəbər lenti

Az kvota gerçəkliyində Həccə təkrar-təkrar gedilməsi doğrudurmu? (ŞƏRH)
Ölkə 16:10 09.04.2025

Az kvota gerçəkliyində Həccə təkrar-təkrar gedilməsi doğrudurmu? (ŞƏRH)

Bu il Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprel ayının sonunadək uzadılıb. Qafqaz Müsəlmanları İdarəsi hazırda kvotanın 90%-dən çox dolduğunu açıqlayıb. 

Bu il Həcc ziyarətinə 1200-1300 şəxs gedəcək. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir.

Yayılan məlumata görə, bu il Həcc ziyarətinə gedənlərin arasında təkrar gedən vətəndaşların sayı üstünlük təşkil edir. Sosial media istifadəçiləri, ekspertlər, vətəndaş cəmiyyətinin üzvlərinin bəziləri təklif edirlər ki, həmin vətəndaşlar ziyarətə təkrar-təkrar getməkdənsə ziyarət paketinin vəsaitini Azərbaycanda eytiyacı olan ailələrə ödəsinlər, yaxud da imkansız gənclərin təhsil haqqını qarşılasınlar.

Dini ekspert Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında Azərbaycan üçün Həcc ziyarətinin kvotasının çox az olduğunu bildirib:

"Dünyada qəbul olunmuş orta norma budur ki, hər 1000 nəfərə bir həcc yeri olur. Məsələn, Türkiyədə 100 min ətrafında insan hər il həcc ziyarətinə gedir. Bizdə isə cəmisi 1500 nəfərdir. Yəni az qala 6 min nəfərə bir zəvvar düşür”. 
 


Ekspert qiymətlərin baha olması və əhalinin maddi vəziyyətinin ağır olması səbəbindən Həcc ziyarətinə gedənlərin sayının az olduğunu vurğulayıb:

"Əlbəttə, maddi imkanlar olsa daha çox insan ziyarətə gedər. İslam dinində Həcc ziyarətinə getməklə bağlı "kvota" yoxdur. Ağlı-şüuru, fiziki sağlamlığı və maddi imkanları olan hər kəs ömründə ən azı bir dəfə Həcc ziyarətinə getməlidir. Amma ziyarətə çox getməklə bağlı qadağa yoxdur. Çünki Həcc də digər ibadətlər kimi vacib - fərz olmaqla yanaşı, həm də mənəvi qidası var, mömin insanları müqəddəs məkanlar həmişə cəlb edir. Buna görə də heç bir halda kiməsə getmə demək olmaz”.

Kənan Rövşənoğlu əlavə edib ki, imkanı olmayanlar üçün din Həcc ziyarətinə getməyi məcbur etmir:

"Onların üzərində hər hansı öhdəlik yoxdur. Əlbəttə, imkanı olanlar savab üçün başqalarını da göndərə bilrə və göndərir. Amma bu da, yenə deyirəm, vacib tələb deyil. Bu ehsan - xeyir iş məqsədi ilə edilə bilər. Amma hər hansı dindara sən bir dəfə getmisən pulunu ver bu dəfə başqası getsin demək olmaz, elə bir qayda yoxdur”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->